İQTİSADİYYAT

Bazarlarda işləyən sahibkarlar vergi uçotuna alınacaq - Nəzarət artırılır

Vergi Məcəlləsinə dəyişiklikdə bazarlara nəzarət ilə bağlı yeni müddəalar yer alır. Ekspert bildirib ki, bazarlarda hər bir obyektdə POS-terminal olacaq. Bu tələb kənd təsərrüfatı məhsulları bazarlarına aid deyil. Əsas hədəf "Sədərək", "Binə" kimi bazarlardır.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Gələn ildən bazarlarda işləyən sahibkarlardan vergi orqanında uçotda olmaları tələb ediləcək. Onlar vergi orqanında uçota alındıqdan sonra işləyə biləcəklər. Əks təqdirdə bazarların mülkiyyətçiləri və ya idarəediciləri cərimə ediləcəklər. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Başqa sözlə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır. Bu dəyişiklik kənd təsərrüfatı məhsulları bazarlarına aid edilməyəcək, yəni onlar istisnadır.
"Bazarlarda hər bir obyektdə POS-terminal olacaq"
"İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev Sputnik Azərbaycan-a deyib ki, "Sədərək", "Binə" kimi bazarlarda fəaliyyət göstərən sahibkarlar vergi orqanında uçotda olmalıdırlar:
Ruslan Atakişiyev

"Dəyişikliyə əsasən, bazarların mülkiyyətçiləri və ya idarəediciləri üzərinə tələblər qoyulur. Bazar mülkiyyətçiləri və ya idarəediciləri uçotsuz sahibkarlara şərait yaratmamalıdır. Əks təqdirdə bazar mülkiyyətçilərinə və ya idarəedicilərinə hər bir uçotsuz sahibkar üçün maliyyə sanksiyası tətbiq olunacaq. Bazarlarda hər bir obyektdə POS-terminal olacaq. Bazar mülkiyyətçilərinin üzərinə tələb qoyulur ki, bütün sahibkarlar obyektlərində öz rekvizitlərini göstərməlidir. Bu tələb kənd təsərrüfatı məhsulları bazarlarına aid deyil. Əsas hədəf "Sədərək", "Binə" kimi bazarlardır".

"Bu tədbirlər "kölgə iqtisadiyyatı"nın miqyasının aşağı salınmasına xidmət edir"
Ekspert qeyd edib ki, bu addım həmin bazarlarda malların qiymətlərinə təsir edəcək:
"Rəsmiləşmə bütün hallarda qiymətlərin artımına gətirib çıxardır. Amma bu qiymət artımı da öz növbəsində həmin obyektlərdə işçilərin maaşının qalxmasına gətirib çıxardacaq. Ümumiyyətlə, bu tədbirlər vergi daxilolmalarının artırılmasına, nağd hesablaşmaların sayının azaldılmasına, "kölgə iqtisadiyyatı"nın miqyasının aşağı salınmasına xidmət edir. Bu addımlar həyata keçirilməlidir, çünki gələcək dövr nağdsız hesablaşma dövrüdür. Məsələn, hazırda Avropada hesablaşmaların 90 faizi nağdsız həyata keçirilir".
POS-terminal
"Uçotda olan sahibkar qanunsuz işləyən sahibkar ilə rəqabət apara bilmir"
"Hazırda vergi orqanında uçotda olan sahibkarların çoxu qanunsuz işləyən, uçotsuz sahibkarların hesabına bazarda uduzurlar. Yəni vergi orqanında uçotda olan sahibkar öz işçisinə rəsmi əməkhaqqı verir, məcburi dövlət sosial sığorta haqqı ödəyir və s. Qanunsuz sahibkar isə bunu etmir. Belə olan halda isə uçotda olan sahibkar qanunsuz işləyən sahibkar ilə rəqabət apara bilmir", - deyə ekspert əlavə edib.
"Bazarlarda bütün sahibkarlar vergi orqanında uçotda olmalıdır"
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov mediaya müsahibəsində deyib ki, ortamüddətli dövrdə strateji hədəflərimizdə ikinci istiqamət məhz "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına xidmət etməlidir:
"Biznes nümayəndələri ilə keçirdiyimiz görüşlərdə harada "kölgə iqtisadiyyatı"nın daha çox formalaşması, hansı əməliyyatların aradan qaldırılması və sağlam rəqabətin yaranmasına imkan verə biləcəyi ilə bağlı proseslər mütəmadi olaraq müzakirə edilir. Bu baxımdan Vergi Məcəlləsinə dəyişikliklərdə bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır. Bazarlar elə bir əmlak kompleksidir ki, orada kütləvi sayda sahibkarlar müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Bu cür əmlak komplekslərinə münasibətdə vergi münasibətlərinin iştirakçısı kimi həm bazarlar, həm sahibkarlar, həm də dövlət qurumlarının qatıldığı xüsusi bir format nəzərdə tutulur. Bu, ondan ibarətdir ki, bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Orada fəaliyyət göstərən bütün sahibkarlar vergi orqanında uçotda olmalıdırlar. Təsərrüfat obyektləri vergi orqanında uçota alınmalıdır. Bundan sonra onların fəaliyyətinə şərait yaradılmalı, icazə verilməlidir. Artıq bu format həyata keçirilərsə, bu əmlak kompleksi tam leqal, yəni qanunauyğun şəkildə uçota alınmış sahibkarların fəaliyyətini təmin etmiş olacaq".
Nicat İmanov
"Hər bir uçotsuz sahibkar üçün maliyyə sanksiyası tətbiq ediləcək"
N.İmanov bildirib ki, vergi orqanı nəzarət tədbirləri zamanı belə bir halın pozulmasını aşkar edərsə, bu zaman bazar mülkiyyətçilərinə, əgər idarəetməyə verilibsə, idarəediciyə hər bir uçotsuz sahibkar üçün 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək:

"Əgər bu hal təqvim ili ərzində təkrar baş verərsə, o zaman 4000 manat və növbəti dəfə olarsa, 6000 manat həcmində maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulur. Məqsəd məhz bu cür kütləvi məkanlarda qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə şərait yaradılmaması üçün preventiv tədbirlərin görülməsi, eyni zamanda, istehlakçıların da hüquqlarının qorunmasıdır. Bu layihədə bazar mülkiyyətçiləri üzərində o tələb də var ki, bütün sahibkarlar fəaliyyət göstərdikləri obyektlərində öz rekvizitlərini - adı, təsərrüfat subyektinin kodunu və s. göstərməlidirlər. Çünki istehlakçılardan aldığımız şikayətlərdə ünvan, məkan göstərilsə də, onun hansı mağazaya, hansı obyektə məxsus olmasını müəyyən edə bilmirlər. Tam hüquqi müəyyənlik, istehlakçıların hüquqlarının qorunması baxımından, eləcə də qanunsuz sahibkarlıq və uçotsuz sahibkarın qarşısının alınması baxımından bu dəyişiklik önəmlidir".

Obyektlərin girişində vergi ödəyicisinin adı və VÖEN-i göstəriləcək
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsulları bazarları istisna olmaqla, bazarlarda əmlakı icarəyə götürənin vergi orqanında uçota alınması həyata keçirildikdən sonra bazar mülkiyyətçiləri onun fəaliyyətinə şərait yaratmalıdır.
Dəyişikliyə əsasən, bazarlarda obyektlərin girişində vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə məlumat yerləşdirilməlidir. Bazarların mülkiyyətçiləri və ya idarəediciləri vergi ödəyiciləri barədə məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək vergi orqanına təqdim etməlidir və s.
Artıq bu dəyişikliklər parlamentdə ikinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Hansı sahibkarlar vergidən azad olunacaq?