BAKI, 13 dekabr— Sputnik. Minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.
Milli Məclisdə bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, bu layihə "Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır. Layihəyə əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, operativ nəqliyyat vasitələri — yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.
Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər.