BAKI, 10 dekabr — Sputnik. Suriyadakı çevriliş Qərbin və amerikalıların marağındadır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Orada kifayət qədər neft və qaz var, oradan da Aralıq dənizi sahillərinə qaz kəməri çəkmək lazımdır, bu, əsas rol oynayır" - Lukaşenko deyib.
O qeyd edib ki, Suriyanın eks-prezidenti Bəşər Əsəd diktator deyildi, onun bunun üçün resursları yox idi.
Lukaşenko vurğulayıb ki, Suriyadakı yeni qüvvələr Belarus və Rusiya ilə münasibətləri kəsməyəcək:
"Mən əminəm ki, bu müxalif qüvvələr necə adlanırsa, onlar bizimlə, Rusiya ilə münasibətləri kəsməyəcəklər Suriyalıların onlarla mübahisə etməsinə ehtiyac yoxdur, amma onlar bizimlə münasibətlərini kəsməyəcəklər. Hesab edin ki, bunu amerikalılar yox, Suriya müxalifəti edib. Gözləyib görəcəyik".
Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Bazar günü, dekabrın 8-də Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər - Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri liderləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.