BAKI, 10 dekabr — Sputnik. Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu dekabrın 10-da başlayacaq.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun ötən gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, müraciətlərin qəbulu dekabrın 30-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.
Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.