BAKI, 8 dekabr - Sputnik. Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.
Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.
"O, Cinayət Məcəlləsinin 182.2.3 maddəsi (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) ilə təqsirli bilinir" - Aqil Layıc bildirib.
***
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə politoloqun həyat yoldaşı Samirə Qasımlı Turan agentliyinə bildirib.
“Azər səhər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı mən götürüm. Səbəbini soruşduqda, o, sadəcə, “özün bilirsən” dedi və əlaqə kəsildi” - Samirə Qasımlı bildirib.
Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.
DİN-in Mətbuat Xidməti Azər Qasımlının saxlanıldığını təsdiqləyib.
"Onun saxlanılmasına səbəb barəsində edilən müraciət olub" - deyə vurğulayan DİN-in Mətbuat Xidməti Azər Qasımlının yenidən araşdırmaya çağırıldığını bildirib.
Qeyd edək ki, noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.
A.Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında və müsahibələrində son bir ildə jurnalistlərin və fəalların həbslərinin yeni dalğasını Azərbaycanın xarici siyasətində Kremllə yaxınlaşma istiqamətində dönüşlə əlaqələndirib.
Azər Qasımlı daha əvvəl Respublikaçı Alternativ Hərəkatının (ReAl) sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü olub.