DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bəşər rejiminə xalqla barışmaq üçün vaxt verdik, lakin o, bundan istifadə etmədi - Fidan

Türkiyə bundan sonra Suriyanın yaralarını sağaltmaq, onun birliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Sputnik
BAKI, 8 dekabr - Sputnik. Astana prosesi ilə Suriyada davam edən qarşıdurmalara fasilə verdik və rejimin xalqı ilə barışması üçün vaxt verdik, lakin bundan istifadə etmədi.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, xüsusilə son aylarda Suriyada baş verəcək prosesləri gözləyərək prezident Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü təşəbbüsü Suriya rejiminin rədd etməsi Türkiyəni haqlı çıxaran hadisələrlə nəticələnib:
“Bu gün səhər saatlarından etibarən Suriya xalqı ölkənin gələcəyini təyin edəcəkləri yeni günə başlayıb. Türkiyə bundan sonra Suriyanın yaralarını sağaltmaq, onun birliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, məsuliyyəti öz üzərinə götürməyə hazırdır".
Hakan Fidan əlavə edib ki, yaxın günlərdə region ölkələri və beynəlxalq aktorlarla bu məsələ ilə bağlı işi daha da gücləndirəcəklər. Bu yolla evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı öz torpaqlarına qayıda biləcək.
"İnşallah Suriya xalqını daha gözəl günlərin gözlədiyini hamımız görəcəyik” - Fidan əlavə edib.
Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər.