DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb

Suriya Xarici İşlər Nazirliyi və onun xaricdəki diplomatik nümayəndəlikləri bütün vətəndaşlarımızın rifahı üçün işləməyə davam edəcək.
Sputnik
BAKI, 8 dekabr - Sputnik. Suriya tarixində yeni səhifə açılıb. Bu barədə Suriyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd olunub ki, üsyançı qrupların Dəməşqi ələ keçirməsi ilə ölkə tarixində yeni səhidə başlayıb.
Nazirlik bütün suriyalıların maraqları naminə işləməyə davam edəcəyinə söz verib:
“Bu gün Suriya tarixində yeni bir səhifə görürük, biz suriyalılar arasında maneələr yaratmaq əvəzinə onları birləşdirəcək bir nizamnamə hazırlamalıyıq. Suriya Xarici İşlər Nazirliyi və onun xaricdəki diplomatik nümayəndəlikləri bütün vətəndaşlarımızın rifahı üçün işləməyə davam edəcək".
Qeyd edək ki, dekabrın 8-i gecə saatlarında dünya mediası Suriya prezidenti Bəşər Əsədin postunu buraxaraq ölkəni tərk etdiyi barədə məlumat yayıb. Müxaliflər isə Suriyanın bir neçə əsas şəhərini, eləcə də paytaxt Dəməşqi ələ keçiriblər. Onlar hökumət binalarını və rəsmi dövlət telekanalının redaksiyasını tutublar.
Suriyanın ədliyyə naziri Əhməd Səid respublikada hakimiyyətin ötürülməsinin problemsiz həyata keçəcəyini bildirib. Al Arabiya televiziyasına açıqlamasında nazir "siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.
Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.