BAKI, 4 dekabr — Sputnik. "Məktəbəqədər təhsil təhsilin ən vacib pillələrindəndir. Məktəbəqədər təhsilin əlçatanlığı Azərbaycanda əsasən aşağı göstəricilərlə yadda qalıb. Hazırda 1-5 yaş arasındakı uşaqların ən azı 50 faizinin məktəbəqədər təhsilə cəlb olunması əsas hədəflərimizdəndir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" ilk beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, hazırda 1-5 yaş arasında uşaqların 10-15 faizi məktəbəqədər təhsilə cəlb olunub:
"Bəzi bölgələrdə bu göstərici hətta 1 faizdir. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ən böyük islahatlardan biri 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasıdır. Bu proses əvvəlcə 2014-cü ildə pilot layihə olaraq həyata keçirildi. Hazırda təxminən 85-90 faiz arasında uşaq ən azı 1 il müddətində məktəbəqədər təhsilə cəlb olunur. Bu gün Azərbaycanda hər 10 uşaqdan 8-i məktəbəqədər hazırlığa gedir. Bu prosesin müsbət nəticələrini yaxın 10-15 ildə görəcəyik".
Nazir qeyd edib ki, məktəbəqədər hazırlıq üçün dərs vəsaitləri yenidən hazırlanıb təhsil müəssisələrinə verilib. Birinci sinfə gələn uşaqların məktəbəqədər hazırlığa cəlb olunması nəzərə alınıb və dərsliklərdə bu məqam nəzərə alınıb.