DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin və Pezeşkian telefonla danışdı - Kreml müzakirə olunan mövzuları açıqladı

Liderlər telefon danışığında Suriyadakı vəziyyətin nizamlanması üçün Türkiyənin iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Telefon danışığında Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə inkişafı ilə bağlı cari məsələlər, o cümlədən Vladimir Putin və Məsud Pezeşkian arasında 2024-cü il oktyabrın 23-də Kazanda keçirilən danışıqlardan sonra əldə edilmiş razılaşmaları müzakirə edilib.
Liderlər telefon danışığında Suriyadakı vəziyyətin nizamlanması üçün Türkiyənin iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
"Suriyanın qanuni hakimiyyətinin ölkənin konstitusiya quruluşunun və ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlara qeyd-şərtsiz dəstək ifadə edilib. Eyni zamanda Türkiyənin də iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb", məlumatda deyilir.
İki lider arasında digər səviyyələrdə gələcək təmaslar üçün plan da hazırlanıb.
Xatırladaq ki, Suriya Müdafiə Nazirliyi Hələb və İdlib əyalətlərində hökumət qüvvələri ilə terrorçular arasında döyüşlərin başladığını elan edib. "Həyat Təhrir əş-Şam" terror təşkilatına (keçmiş "Cəbhət ən-Nusra", Rusiya Federasiyasında qadağan olunmuş) aid qruplar gərginliyin azaldılması sazişini pozaraq, əhalinin məskunlaşdığı ərazilərə və hərbi obyektlərə hücum ediblər. Suriya ordusunun cavab tədbirləri nəticəsində terrorçular xeyli itki verib.