Mövcud Ermənistan hakimiyyətinin Rusiya ilə münasibəti anlaşılmaz şəkildə inkişaf edir. Qərbə inteqrasiyanı özünə hədəf seçən Paşinyan hakimiyyəti Rusiya ilə siyasi yanaşmalarda anlaşılmazlıqlar yaşasa da, iqtisadi sahədə bunu demək olmaz. Məsələn, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk açıqlamışdı ki, 2024-cü ildə Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsi 14-16 milyard ABŞ dolları arasında dəyişə bilər. Bu da 2020-ci ilin analoji göstəricisindən (2,3 milyard ABŞ dolları) altı dəfə çoxdur. İqtisadi əlaqələr yüksək olsa da, Ermənistan Rusiyanın təşəbbüsü ilə ərsəyə gəlmiş KTMT ilə münasibətləri dondurub.
Politoloq Gürcüstanda keçirilmiş son seçkilərin Ermənistanda cərəyan edəcək proseslərə təsirini qiymətləndirib. Onun sözlərinə görə, Gürcüstan seçkilərində də müxtəlif güc mərkəzləri öz təsirini göstərməyə çalışdı: "Artıq Gürcüstan seçkiləri geridə qalıb və baş tutumuş hesab olunur. Hazırkı Gürcüstan hakimiyyəti öz məqsədlərini reallaşdırmaq üzrədir. Ermənistana gəldikdə isə burada ayrı-ayrı profil strukturlar prosesi xüsusilə nəzərdən keçirir.
"Postsovet məkanında çox az ölkə var ki, oradakı namizədin seçilməsindən hər iki qanad - Rusiya və Qərb razı olur. Bu statusu daşıyan təkcə Ermənistandır. İndi elə göstərilməyə çalışılır ki, guya Ermənistanın Rusiya ilə problemi var, əslində isə bu belə deyil. İqtisadi göstəricilər də münasibətlərin kifayət qədər yaxşı olduğunu göstərir. Ümumiyyətlə, Ermənistanın Rusiyadan kənar bir addım atmaq kimi seçimi yoxdur. Çünki bu ölkənin əsas sənaye aktivləri Rusiyanın dövlət mülkiyyətidir. Məhz bu amil Ermənistan hakimiyyəti üçün anti-Rusiya addımları atmağa imkan vermir", - Yeganə Hacıyeva qeyd edib.