BAKI, 30 noyabr — Sputnik. Çin Mülki İdarəetmə Universiteti (CCAU) nikah xidmətləri və ailə etikası sahəsində mütəxəssislərin hazırlanmasına yönəlmiş unikal bakalavr proqramına başlayıb. Bu barədə "RİA Novosti" xəbər verib.
Təşəbbüs ölkənin demoqrafik problemlərini, o cümlədən gender balanssızlığını və aşağı evlilik nisbətlərini həll etmək məqsədi daşıyır.
Proqrama menecment, evlilik sosiologiyası, həmçinin toy planlaşdırması və uyğunlaşma kursları daxildir. Tələbələr ailə psixologiyası və etikası üzrə biliklərə yiyələnəcək, həmçinin qeydiyyat şöbələrində, toy agentliklərində və digər təşkilatlarda təcrübə keçəcəklər. Məzunlar ailə məsləhətçisi, toy təşkilatçısı kimi işlərdə çalışa biləcəklər.
Bu proqramın işə salınması əhalinin qocalması nəticəsində yaranan demoqrafik böhran və 1970-ci illərin sonlarından Çində qüvvədə olan "bir ailə, bir uşaq" siyasətinin nəticələri ilə mübarizədə mühüm addım olub.
Qeyd edək ki, bu siyasət son nəticədə həm də ona gətirib çıxarıb ki, ölkədə daha çox oğlan doğulub, qız uşaqlarının sayı isə az olub. Belə ki, 2020-ci ildə milli siyahıyaalma nəticəsində məlum olub ki, Çində kişilərin sayı qadınlardan 34,9 milyon nəfər çoxdur. Nəticədə, xüsusilə kənd yerlərində bir çox kişi evlənmək üçün həyat yoldaşı tapmaqda çətinlik çəkir.
Göründüyü kimi, digər problem nikahların sayının az olmasıdır. Çində 2022-ci ildə cəmi 6,8 milyon nikah olub ki, bu da son 37 ilin ən aşağı rəqəmidir. Bu demoqrafik problemlər iqtisadiyyata və cəmiyyətə təsir edir, ona görə də Çin onları müxtəlif tədbirlərlə həll etməyə çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.