BAKI, 29 noyabr — Sputnik. Qazaxıstanın sədrliyi dövründə KTMT qarşısında duran bütün vəzifələr yerinə yetirilib. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçirilən sessiyasında deyib.
"KTMT sadəcə hərbi tərəfdaşlıq deyil, o, dövlətlərimizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səylərimizi və resurslarımızı birləşdirən unikal mexanizmdir. Böhran vəziyyətlərinə operativ reaksiya mexanizmlərinin səmərəliliyinin artırılması, o cümlədən terrorizm, kiberhücumlar, transmilli cinayətlər və narkotiklərin qanunsuz dövriyyəsi də daxil olmaqla müasir təhlükələrə qarşı mübarizədə təşkilatımızın imkanlarının inkişaf etdirilməsi KTMT-nin qarşısında duran bütün vəzifələrdir. Qazaxıstan Respublikasının sədrliyi dövründə bütün vəzifələr yerinə yetirilib", - Tokayev sessiyanın açılışında bildirib.
Qazaxıstan lideri əlavə edib ki, planlaşdırıldığı kimi KTMT-nin nizamnamə orqanlarının iclasları, hərbi təlimlər və qabaqlayıcı əməliyyatlar keçirilib. Kollektiv təhlükəsizliyin cari məsələləri xarici işlər və müdafiə nazirləri tərəfindən əsaslı şəkildə nəzərdən keçirilib, 2024-cü il ərzində təhlükəsizlik şuralarının katibləri və parlament rəhbərləri səviyyəsində görüşlər keçirilib.
KTMT liderləri təşkilatın Astanada keçirilən sammitində iştirak edirlər.
Astanada KTMT-nin sammiti keçirilir. Tədbirdə təşkilata üzv ölkələrin rəhbərləri iştirak edir. KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. 2024-cü il yanvarın 1-dən KTMT-yə Qazaxıstan sədrlik edir, 2025-ci ildə sədrlik Qırğızıstana keçəcək.