CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir əlilliyə görə pensiyaçılardan sığorta stajı tələbinə aydınlıq gətirdi

Sahil Babayev bildirib ki, vətəndaş əgər heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o müavinət sisteminə girəcək.
Sputnik
BAKI, 27 noyabr— Sputnik. "Qeyd olundu ki, əlilliyə görə pensiyaçılardan sığorta stajı tələb olunur. Hər halda orada anlaşılmazlıq var. Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur". Bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Vətəndaş əgər heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o müavinət sisteminə girəcək. Amma əgər vətəndaş işləyib sonradan əlil olursa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük güzəştli yanaşmadır", - deyə nazir bildirib.

Sahil Babayev
Əlilliyə görə əmək pensiyası
Qeyd edək ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik müəyyən edildikdən sonra əlilliyə görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin olunur. Pensiya ödənişi üzrə bank kartı avtomatik olaraq sifariş edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.