BAKI, 26 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və bu ölkənin Ermənistandakı səfiri Sergey Kopırkinin Bakı və Yerevan arasında gedən sülh danışıqları ilə bağlı verdikləri açıqlamalar siyasi müşahidəçilərin diqqətini cəlb edib.
Noyabrin əvvəlində Rusiyanın xarici işlər naziri Lavrov bildirmişdi ki, Moskva Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə olunan əhəmiyyətli irəliləyişləri "alqışlayır". Amma "Moskvada onu da anlayırlar ki, uzun illər davam edən düşmənçilik, hərbi əməliyyatlar və itkiləri nəzərə alaraq, Bakı və Yerevan arasında münasibətlərin normallaş nə dərəcədə çətindir".
"İzvestiya" qəzetinə müsahibə verən Ruisyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə bildirib ki, Yerəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq "mürəkkəb və uzun prosesdir". O, həmçinin "sülhün yalnız Rusiyanın iştirakı ilə üçtərəfli razılaşmalar çərçivəsində mümkün olduğunu" vurğulayıb.
Həmin razılaşmaları yada saldıqda adətən 10 noyabr 2020-ci ildə imzalanmış Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı Üçtərəfli Bəyanat, və daha sonra üçtərəfli danışıqların nəticələrinə görə əldə olunan iqtisadi əlaqələrin bərpası regional kommunikasiyaların açılmasına dair razılaşmalar nəzərdə tutulur.
Bəyanatlar mövcud reallığı əks etdirir
Geosiyasi araşdırmalar mərkəzinin rəhbəri Tahir Cəfərli hesab edir ki, bu bəyanatlarda qeyri-adi bir məna axtarmaq lazım deyil. Rusiya diplomatlarının verdiyi bəyanatlar Bakının mövqeyi ilə də üst-üstə düşür.
“Azərbaycan rəhbərliyi dəfələrlə bildirib ki, münaqişənin ikitərəfli formatda və ya da bölgə ölkələrinin təmsil olunduğu formatda həll olunması məqbul hesab oluna bilər. Kənar oyunçuların bölgəyə cəlb olunması yolverilməzdir” - politoloq xatırladıb.
Kənar qüvvələrin bölgəyə cəlb olunmasına dair fikrə aydınlıq gətirən Cəfərli Aİ-nın müşahidəçilər missiyasını xatırladıb. O qeyd edib ki, məhz bu missiyanın yerləşməsindən sonra sülh prosesində geriləmə müşahidə olunub və Ermənistanın sürətli silahlanmasına start verilib.
Moskva və Bakının Zəngəzur dəhlizi məsələsində də oxşar mövqedən çıxış etdiklərini yada salan politoloq, Üçtərəfli razılaşmanın 9 bəndində bu məsələnin aydın əks olunduğunu, və Ermənistanın bu sənədin müddüalarından avropalıların təsiri altında sapmasını qeyd etdi.
İstənilən halda razılaşdırılan sülh müqaviləsində Azərbaycanın maraqları mütləq şəkildə nəzərə alınmalıdır. Güzəştlərə gəldikdə isə, Azərbaycan Zəngəzur məsələsinə dair müddüanın sülh sazişindən çıxarılmasına razılıq verməklə artıq güzəştə gedib. Bundan sonra güzəşt növbəsi Ermənistandadır.
Qaldı ki, münaqişənin kənar qüvvələrin cəlb olunmaması ilə həllinə, 3+3 formatında təmsil olunan bütün bölgə dövlətləri məsələ ilə fikir irəli sürə bilərlər. Amma bütün bunlara rəğmən məsələ ilə bağlı son sözü yenə də obyektiv reallıqdan sapmayan Bakı söyləyəcək, deyə Geosiyasi araşdırmalar mərkəzinin direktoru Tahir Cəfərli fikrini tamamlayıb.
Xatırladaq ki, 3+3 formatında Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan yer alıb.