BAKI, 26 noyabr— Sputnik. "Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalımızın inkişafına çox ciddi mane olur".
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, haqsız rəqabət bizim üçün böyük əngəl yaradır. Monopolistlər öz imkanlarından istifadə edərək müxtəlif üsullarla rəqiblərini sıradan çıxarırlar. Bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar və fərqində deyillər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanından məhrum edilir. Ona görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gəlir. Korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir", deputat bildirib.
Qeyd edək ki, Rəqabət Məcəlləsinə görə, haqsız rəqabət – bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran və ya onların işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdir.
Məcəlləyə əsasən, haqsız rəqabətin formaları aşağıdakılardır:
-müştərilərə qarşı aqressiv davranış;
-rəqib təsərrüfat subyektinin nüfuzdan salınması;
-rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi;
-müştərilərin çaşdırılması və aldadılması;
-kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması;
-haqsız rəqabətə səbəb olan digər hərəkətlər.
Bu formalarda haqsız rəqabətin aparılması qadağandır.