COP29

BMT-nin Baş katibi Bakıda keçirilən COP29-la bağlı bəyanat verdi

Quterreş bildirib ki, həm maliyyə, həm də iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı daha iddialı qərarların veriləcəyini gözləyirmiş.
Sputnik
BAKI, 24 noyabr - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş "X" hesabında COP29-un nəticəsi ilə bağlı paylaşım edib.
Baş katib razılığın əldə olunmasının 1,5 dərəcəlik qlobal iqlim hədəfinə nail olunması istiqamətində mühüm addım kimi dəyərləndirib.
Bununla belə o daha iddialı qərarlar gözlədiyini qeyd edib:
"Mən həm maliyyə, həm də iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı daha iddialı qərarların veriləcəyini gözləyirdim.
Verilən qərarlar vaxtında və tam həcmdə yerinə yetirilməlidir.
Mən bütün hökumətləri buna çağırıram" - BMT-nin rəhbəri yazıb (APA).
***
COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.
Bunu BMT Baş katibi Antoniu Quttereş COP29-la bağlı bəyanatında bildirib.
“Qlobal istiləşmə həddini 1,5°C-də saxlamaq üçün COP29-da razılığın əldə edilməsi zəruri idi. Qarşılaşdığımız böyük problemlərin həlli üçün həm maliyyələşdirmədə, həm də təsirlərin yumşaldılmasında daha iddialı nəticələrə ümid edirdim, lakin təqdim olunan razılaşma gələcək inkişaf üçün əsas yaradır.
Bu, tam və vaxtında tamamlanmalıdır.
Mən hökumətləri bunu təcili şəkildə etməyə çağırıram”, - BMT Baş katibi qeyd edib.
"Qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, COP29-un prezidenti Muxtar Babayevə, onun komandasına göstərdikləri gərgin əməyə görə təşəkkür edirəm.
BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still və onun həmkarlarına göstərdikləri əla dəstəyə və əlbəttə Birləşmiş Millətlər Təşkilatının komandasına minnətdaram.
Tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya gələn bütün nümayəndələrə, gənclərə, vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkürümü bildirirəm. Müraciətimi onlara birbaşa ünvanlanmış mesajla bitirirəm - həmin ruhda davam edin. Birləşmiş Millətlər Təşkilatı sizinlədir. Mübarizəmiz davam edir. Biz heç vaxt təslim olmayacağıq", - A.Quttereş qeyd edib(Report).