BAKI, 23 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi İsrailin Palmiraya endirdiyi zərbələri kəskin şəkildə pisləyib və bunu Suriyanın suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması adlandırıb.
Bundan əvvəl Suriya Müdafiə Nazirliyi bildirib ki, İsrail aviasiyası Homs əyalətinin Palmira şəhərinə zərbələr endirib, nəticədə 36 nəfər ölüb, 50 nəfər yaralanıb.
"Biz Suriya hakimiyyətinin məlumatına görə, 36 nəfərin ölümünə və 50-dən çox insanın yaralanmasına səbəb olan İsrail qüvvələrinin Suriya ərazisindəki bu hərəkətini, eləcə də ondan əvvəl olanların hamısını şiddətlə qınayırıq. Bu, Suriyanın suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasıdır", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Xarici İşlər Nazirliyi regional eskalasiyada iştirak edən bütün tərəfləri ağılın səsinə qulaq asmağa və 21-ci əsrin formalaşmış humanist dəyərlər sisteminə əsaslanan sivil davranış çərçivəsindən kənara çıxmamağa çağırıb.
"Unutmaq olmaz ki, regionda qonşularla qarşılıqlı hörmət olmaması və münaqişənin şiddətinin həddindən artıq artması Yaxın Şərqdə davamlı sülhün əldə olunması perspektivini çətinləşdirə bilər", - məlumatda vurğulanır.
Eyni zamanda, nazirlik qeyd edib ki, Yaxın Şərqdə silahlı qarşıdurmanın şiddəti təkcə insan həyatının deyil, həm də mədəni və tarixi yaddaşın məhvinə gətirib çıxarıb.