YAZARLAR

Ən gözəl strategiya ilə ən bərbad futbol: Daha Ermənistan belə təsəlli deyil

Azərbaycan futbolunun inkişafına dair işlənən strategiyalara baxmayaraq, millimiz dünya reytinqinin dibinə yuvarlanmaqda davam edir.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Futbol üzrə Azərbaycan millisinin builki oyunları başa çatsa da, ictimaiyyət arasında çıxışların yekunu ilə bağlı müzakirələr aparılsa da, müvafiq qurumlar hələ susur. Onlar dekabrda futbolun inkişaf strategiyası ilə bağlı açıqlamaya hazırlaşırlar. Əvvəlcədən verilən məlumata görə, strategiyanın hazırlanması zamanı yerli mütəxəssislərlə yanaşı, xarici futbol menecerlərinin rəylərindən də istifadə olunur.
Məsələ ilə bağlı xəbərlərə baxdıqda hər şey gözəl görünür. Hətta bu xəbərlər gələcəyə ümid də yarada bilərdi, əgər bir məsələ nəzərə alınmasa idi. Azərbaycanda bundan əvvəl də futbolun inkişaf etdirilməsi üçün diqqəti cəlb edən gözəl tərtibatlı strategiya hazırlanıb. Onun icrası üçün müəyyən vəsait ayrılıb. Amma nə görülən işlər haqqında ictimaiyyətə hesabat verilib, nə də ki strategiyanın icrası üçün məsul olan şəxslərdən bunu tələb edən tapılıb.
Nəticədə pullar da xərclənib, irəliləyiş də olmayıb. Azərbaycan futbolunun biabırçı yolu davam edir. Səbəbləri mütəxəssislərin rəylərinə söykənərək qısa şəkildə araşdırmağa çalışacağıq.
Niyə biabırçı
Əhalisinin sayı, ərazisinin ölçüsü, iqtisadiyyatının imkanlarına görə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan futbol sahəsində bölgənin aşkar autsayderinə çevrilib. Bu mövsüm Gürcüstan yığması UEFA Millətlər liqasının B divizionunda çıxış edirdi. Müəyyən təsəllimiz ondan ibarət idi ki, Ermənistan elə bizim kimi C divizionunda yer almışdı.
Amma tsikl başa çatdıqdan sonra, bu təsəlli də yoxa çıxdı. Hal-hazırda Gürcüstanla Ermənistan yığmaları öz aralarında B divizionunda oynamaq uğrunda yarışırlar. Uduzan komanda isə C divizionunda mübarizə aparacaq. Yəni Azərbaycanın qeyd-şərtsiz tərk etdiyi divizionda. Biz isə daha aşağıda yerləşən D divizionunda, qitənin ən zəif 6 komandasının yer aldığı pillədə mübarizə aparacağıq.
D divizionunda kimlər var?
D divizionunla mübarizə aparan komandaların adları çoxlarımıza məlumdur. Onların arasında ortabab komanda belə axtarmaq yersizdir. Axı 54 komanda arasında ən zəif altısının adının çəkilməsi kimə lazımdır? Qaldı ki, onların futbol səviyyəsinə, bunu millimizin sabiq üzvü Saşa Yunisoğlunun dedikləri ilə diqqətinizə çatdıraq:

"D divizionunda millilərin çoxu qeyri-peşəkar futbolçulardan ibarətdir. Adamlar çörək sexində işləyir, biri santexnikdir, digəri motoristdir. Axşamlar millinin məşqi üçün yığışırlar".

Onun fikrincə, millimizin D divizionuna düşməsi futbolumuzdakı real vəziyyəti əks etdirir. Uşaq və gənclər arasında səviyyəli futbolçu yetişdirməyən ölkə millisinin yüksək nəticələrinə ümid bəsləyə bilməz.
Tanınmış Azərbaycan futbolçusu, Olimpiya və Avropa çempionu İqor Ponomaryov da futbolumuzdakı vəziyyətdən çox narazıdır. Onun sözlərinə görə, 32 il ərzində futbolda heç bir irəliləyiş əldə edilməyib. Bu faktı qəbul etmək və gələcək haqqında düşünmək lazımdır.
Xarici mütəxəssislər vəziyyəti düzəldə biləcəkmi?
2004-ci ildən etibarən millimizə 6 əcnəbi mütəxəssis rəhbərlik edib. Onların hər biri, öz ölkəsində, ya da hansısa başqa yığmada uğura imza atmış mütəxəssislər idi. Lakin onların heç biri Azərbaycanda ciddi uğura imza ata bilmədi. Ən yaxşı nəticəmiz 2014-ci il Dünya Çempionatının seçmə mərhələsində qrupda 4-cü yer tutmağımız oldu ki, bu da "Evləri köndələn yar"dakı məşhur "düddülünü" xatırladır.
Bir məlumata da diqqət yetirək ki, 2004-ci ildə dünya reytinqində 116-cı yerdə olan millimiz hal-hazırda yalnız 118-dədir.
Belə çıxır ki, əcnəbilər bizi daha da geriyə aparıb? Bəs niyə?
Azərbaycanın tanınmış məşqçisi Ağasəlim Mircavadov qeyd edib ki, xarici mütəxəssislərin çalışması qeyri-adi bir hal deyil. Amma azərbaycanlı mütəxəssislərin kənarda qalması düzgün deyil.
Onun fikrincə, ölkədə futbolu inkişaf etdirmək üçün əvvəl onun təməlini möhkəmləndirmək lazımdır. Bunun üçün uşaq futboluna diqqət yetirilməli, bölgələrdəki istedadlı uşaqlar aşkar edilərək, mükəmməl şəkildə hazırlanmalıdır. Mütəxəssis hesab edir ki, ancaq bundan sonra futbolun həqiqi inkişafından danışmaq olar.
Tanınmış futbol mütəxəssisi Vaqif Sadıqov isə hesab edir ki, son vaxtlar futbolumuzda durğunluq müşahidə olunur və hamı yeni strategiyaya köklənib. Buna baxmayaraq, Məşqçilər Komitəsi fəaliyyətini davam etdirir, məşqçilərlə görüşür, hesabat hazırlayır və rəhbərliyə təqdim edir.
Strategiyaya gəlincə
İdman jurnalisti Natiq Muxtarlı hesab edir ki, Azərbaycanın futbolunun düşdüyü durum millinin qısa müddətdə inkişafını mümkünsüz edir. Onun fikrincə, islahatlar tezliklə başlasa, yığma komanda 10-15 ildən sonra məqbul nəticə göstərə bilər.
Hazırda yeni strategiyanın işlənilməsi və bu prosesə xarici mütəxəssislərin cəlb olunmasına gəldikdə, Muxtarlı bu ideyaya mənfi yanaşır. O xatırladır ki, Azərbaycanda futbolun inkişafı ilə bağlı strategiya10 il əvvəl "Komanda" qəzetində dərc edilib və bunun üçün heç kimdən əlavə vəsait tələb edilməyib. Sadəcə götürüb işləmək lazımdır.
Nəticə
Belə görünür ki, Azərbaycanda mütəxəssis də var, istedadlı uşaq və gənclər də. Çatışmayan, sözün əsl mənasında futbol menecerləridir.
Hazırda tez-tez eşidirik ki, müxtəlif sahələrdə və o cümlədən futbolda, funksionerlər işi pul qazanmaq istiqamətinə yönəltməyə çalışırlar.
Xatırladaq ki, müasir dünyada bütün sahələrdə olduğu kimi, futbol da bir biznes növüdür. Təsadüfi deyil ki, dünyanın tanınmış şirkətləri və iş adamları futbol klublarını satın alır, tanınmış futbolçuların alınmasına 100 milyonlarla vəsait xərcləyir. Əlbəttə ki onlar bu vəsaitin əlavə gəlir gətirəcəyinə ümid edir və bir çox halda buna nail olurlar. Yəni futbola gəlir mənbəyi kimi baxmaq – heç də qəbahət deyil. Sadəcə pulu nailiyyət əldə etməklə qazanmaq lazımdır. Yəni pul xərcləyib qazanmaq istəyənlər buna köklənərək, futbolun inkişaf strategiyasını mütəxəssislərin öhdəsinə buraxmalıdır.
Elə bu yerdə bir epizodu yadınıza salmaq istərdik. Əsrin əvvəlində xarici səfərdən qayıdan prezident Heydər Əliyevə futbolumuzdakı böhranlı vəziyyətlə bağlı sual verdilər. Həmin vaxt AFFA-nın prezidenti Fuad Musayev idi. Öndər dedi ki, çəkməçi çəkmə tikməlidir, çörəkçi də çörək bişirməlidir. Yəni futbolla futbolu bilənlər məşğul olmalı, futboldan baş çıxaranlar bu oyunun idarəçiliyində yer almalıdır...