BAKI, 23 noyabr — Sputnik. ABŞ və Böyük Britaniya təkcə Rusiyaya qarşı deyil, həm də tətbiq etmək məcburiyyətində qaldıqları sanksiyalardan açıq-aydın əziyyət çəkən Fransa, İtaliya və Almaniyaya qarşı müharibə aparırlar.
Bu fikri "Ria Novosti" ilə müsahibəsində italyan jurnalist Cordco Byanki bildirib.
"Məndə belə bir təəssürat var ki, bu, Amerika Birləşmiş Ştatlarının təkcə Rusiyaya deyil, həm də İtaliya, Almaniya və Fransaya qarşı müharibəsidir. Yəni, bu sanksiyalar Rusiyadan çox bizə qarşı yönəliblər" - agentliyin həmsöhbəti deyib.
Onun qiymətləndirməsinə görə, ABŞ və Böyük Britaniya bu sanksiyalardan İkinci Dünya Müharibəsi zamanı Avropa ölkələrinin sənaye ərazilərinin bombalanmasından daha çox fayda əldə ediblər.
"İri müəssisələr, sadəcə olaraq, ölkələrdən kənara çıxarılacaq. Onlar artıq qismən Asiyaya köçürülüblər, indi də ABŞ-a aparılacaqlar, çünki orada biznes üçün daha əlverişli şərait var" - jurnalist əlavə edib.
O qeyd edib ki, İtaliyada, eləcə də digər Avropa ölkələrində öz vətənlərində işləmək istəyən sahibkarların sayı getdikcə azalır. Həmsöhbətin sözlərinə görə, bu gün İtaliyada fəaliyyət göstərən bir çox müəssisə ya xarici, ya da əvvəlcə İtalyan olub sonradan xarici şirkətlər tərəfindən mənimsənilmiş olanlardır.
"Rusiya ilə dostluq münasibətlərini bərpa etməkdə maraqlı olacaq yeganə qüvvə, İtaliyanın milli maraqlarını qorumağa yönəlmiş, yəni İtaliyada işləmək istəyən, İtaliya iqtisadiyyatının quruluşunu inkişaf etdirmək istəyən İtalyan sahibkarlarıdır" – jurnalist ehtimal edir.
Bundan əvvəl İtaliya şəhərlərində Rusiya ilə sülhə çağıran plakatlar quraşdırıldığı barədə məlumat verilmişdi.