BAKI, 22 noyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin "Qazax" əlahiddə sərhəd diviziyasının Babəkər sərhəd zastavasının sərhədçiləri yaşıl sərhəd zonasında şərti sərhəd pozucularının yaxalanaraq zərərsizləşdirilməsi əməliyyatını icra ediblər.
"Qazax" əlahiddə sərhəd diviziyasına təşkil olunan media-tur iştirakçıları Qazax ərazisində yerləşən Babəkər sərhəd zastavasının xidməti ərazisində olublar. Jurnalistlər burada yaradılmış xidmət şəraiti ilə tanış olaraq, sərhədlərin mühafizəsi xidmətinin təşkilini müşahidə ediblər.
Bundan başqa, sərhəd zastavasının hərbi qulluqçuları Gürcüstanla sərhəddə şərti sərhəd pozucularını texniki vasitələr və xidməti heyvanlardan istifadə etməklə yaxalayaraq zərərsizləşdirmə əməliyyatını icra ediblər.
Həmçinin jurnalistlərə zastava haqqında məlumat verilib. Bildirilib ki, sözügedən zastavanın xidməti ərazisi əsasən Azərbaycan-Gürcüstan ərazisində yerləşir. Cəmi bir sərhəd məntəqəsi isə Ermənistanla şərti sərhəd sahəsinə düşür.
2024-cü il ərzində Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasının "Babəkər" sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 60-dan çox sərhəd pozucusu sərhədçilərin həyata keçirdiyi uğurlu əməliyyatlarla saxlanılıb.
Saxlanılan şəxslər Azərbaycan-Gürcüstan və əks isitqamətdə dövlət sərhəddini pozmağa cəhd göstəriblər.