BAKI, 21 noyabr — Sputnik. ABŞ Ədliyyə Nazirliyinin antiinhisar orqanı "Google"a məxsus olan "Chrome" brauzerinin "Alphabet Inc." şirkəti tərəfindən satışını tələb edəcək.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Nazirliyikdən bildirilib ki, rəsmi şəxslər yayın sonunda "Google"un axtarış bazarını qeyri-qanuni olaraq inhisara alması barədə qərar çıxaran federal hakimə müraciət edəcək və ondan müvafiq tədbirlər görməsini istiyəcəklər. Antiinhisar orqanının əməkdaşları qeyd ediblər ki, "Chrome" dünyada ən çox istifadə edilən brauzerdir və ABŞ-da bazarın 60 faizindən çoxunu təşkil edir.
"Google"da hökumətin bu cür planları təkcə istehlakçılara və tərtibatçılara deyil, həm də ABŞ-ın texnoloji liderliyinə zərər verə biləcək radikal gündəmin təşviqi hesab edilib.
Oktyabrın əvvəlində ABŞ Ədliyyə Nazirliyinin "Google"u öz biznesinin bir hissəsini satmağa məcbur etmək imkanlarını araşdırdığı bildirilib. Söhbət axtarış və süni intellekt sahələrində üstünlüklər əldə etmək üçün "Google"un "Chrome", "Play" və "Android" kimi məhsullardan istifadə etməsinə imkan verməyəcək tədbirlərdir. Nəhəng "Google"un bir neçə şirkətə bölünməsi mümkündür.