BAKI, 20 noyabr — Sputnik. Kiyevin Bryansk vilayətində uzaqmənzilli "ATACMS" raketlərindən istifadə etməsi ABŞ-ın vəziyyəti gərginləşdirmək istədiyinə işarədir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyada keçirilən "G20" sammiti çərçivəsində jurnalistlərə bildirib.
"Bryansk vilayətinə zərbələr endirmək üçün "ATACMS"dən dəfələrlə istifadə edilməsi, əlbəttə ki, onların eskalasiyanı istədiklərinə işarədir" - Lavrov bildirib.
O, ABŞ-ın iştirakı olmadan bu yüksək texnologiyalı raketlərdən istifadənin mümkün olmadığını vurğulayıb, həmçinin ABŞ-a Rusiyanın yeni nüvə doktrinasını diqqətlə öyrənməyi tövsiyə edib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətindəki obyektə altı "ATACMS" raketi ilə zərbə endirib. "S-400" hava hücumundan müdafiə sistemi və "Pantsir" hava hücumundan müdafiə sisteminin ekipajları beş raketi vurub, altıncısını isə zədələyib. Tələfat və dağıntı yoxdur.