BAKI, 19 noyabr — Sputnik. Minimum əməkhaqqı, minimum pensiya və digər sosial ödənişlərin artımı üçün 2025-ci il üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, sosial xərclərə cari illə müqayisədə 8,8% çox vəsait ayrılacaq: "Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması məqsədilə də dövlət büdcəsindən vəsait ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün dövlət büdcəsindən 310 milyon manat vəsait proqnozlaşdırılır".
Qeyd edək ki, gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq. Bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.
Xatırladaq ki, Əmək Məcəlləsinə görə, minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.