BAKI, 17 noyabr — Sputnik. Stres orqanizmin təhlükəyə normal reaksiyasıdır, lakin stress xroniki hal alırsa, bu beynin fəaliyyətində ciddi problemlərə səbəb ola bilər.
Bunu nevroloq Olqa Zinçeva "Qazeta.Ru"ya açıqlamasında deyib.
"İnsan təhlükə ilə üzləşdikdə və ya çətin vəziyyətə düşdükdə onun beyni hipotalamus vasitəsilə adrenalin və kortizol istehsal etməyə başlayır. Bu fonda nəbz sürətlənir və qanda oksigen miqdarı artır, beyin daha sürətli işləməyə başlayır", - nevroloq bildirib.
Həkimin sözlərinə görə, xroniki stres narahatlığın artmasına, emosional qeyri-sabitliyin olmasına və yeni məlumatların yadda saxlanması kimi problemlərə gətirib çıxarır. Çox vaxt stres altında olan insanda yuxu problemlərinin yaranması ilə nəticədə emosional və koqnitiv problemlərə də yol açır.
"Bundan əlavə, xroniki stres beyin hüceyrələrinin qocalma prosesinə təsir göstərə bilər ki, bu da qorxulu xəstəliklərdən biri olan Alzheymerin inkişaf riskinə səbəb olur", Zinçeva vurğulayıb.
Bəs stresdən qorunmaq üçün nə etmək lazımdır? Bunun üçün mütəmadi olaraq fiziki məşqlər, yuxu rejiminə və keyfiyyətli istirahətə riayət etmək, balanslı qidalanma vacibdir. Giləmeyvə, tərəvəz, balıq və qoz-fındıq stresin təsirləri ilə mübarizədə xüsusilə faydalıdır. Həmçinin bu yaxınlarda alimlər qəhvənin xroniki stresdən qoruduğunu da sübut ediblər.