BAKI, 13 noyabr - Sputnik. “Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi Ukrayna böhranına münasibəti dəyişməyəcək. Çünki Vaşinqton hər şeyi öz nəzarəti altında saxlamaq istəyir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Vaşinqtonun Ukrayna, hətta Avropa məsələlərinə fundamental münasibəti o mənada dəyişməyəcək ki, ABŞ həmişə NATO məkanında və onun ətrafında baş verən hər şeyi öz nəzarəti altında saxlamağa çalışacaq. Avropa Birliyi isə indi hərbi-siyasi baxımdan NATO ilə eynidir” - Lavrov deyib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın Ukrayna münaqişəsini bitirəcəyinə ümidini ifadə edib.
"ABŞ Prezidenti Donald Tramp dövründə məsələyə həll perspektivindən yanaşan iqtidar görsək, müharibəni asanlıqla bitirə bilərik" - o, deyib.
Finlandiya prezidenti Alexander Stubb deyib ki, Avropa və dünyanın qalan hissəsi başa düşməlidir ki, ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Ukraynada tezliklə sülhə nail olmaq məsələsində “ciddi”dir.
Tramp bundan əvvəl Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olacağına söz vermişdi. O, Ukraynadakı münaqişəni bir gündə həll edə biləcəyini dəfələrlə bəyan edib.
Rusiya Federasiyası isə hesab edir ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.
Bundan əlavə, Tramp dəfələrlə ABŞ-ın Ukrayna münaqişəsinə yanaşmasını tənqid edib və Zelenskini də tənqid edib. Belə ki, mitinqlərində onu hər səfəri ABŞ-dan milyardlarla dollarlıq yardımla başa çatan “hüceyrə” adlandırırdı.