SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev və Mixail Mişustin görüşdü: Görülən işləri yoxlamağa ehtiyac var

Rusiya hökumətinin başçısı COP29-la bağlı deyib ki, belə bir konfrans ilk dəfədir Cənubi Qafqazda keçirilir və bu, gündəliyin təşkili üçün çox iş görmüş Azərbaycanın müstəsna rolunu vurğulayır.
Sputnik
BAKI, 13 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.
Rusiya Hökumətinin Sədrini salamlayan Prezident İlham Əliyev deyib:
- Sizi görməyimə şadam. Vaxt tapıb gəldiyiniz üçün sağ olun. Çox şadam ki, Rusiya bu konfransda yüksək səviyyədə təmsil olunub. Əminəm ki, Sizin müzakirələrdə şəxsən iştirakınız ona xüsusi əhəmiyyət verəcək.

Həmçinin konfransın Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ərəfəsində və COP29-a hazırlıq prosesində Azərbaycana göstərilən dəstəyə görə Rusiya Federasiyasına minnətdarlığımı bildirmək istərdim. Bizim üçün bu, təbii ki, müstəsna hadisədir. Azərbaycanda heç vaxt belə miqyasda tədbirlər keçirilməyib. Biz şadıq ki, dost ölkələr bu tədbirdə fəal iştirak edir və yüksək səviyyədə təmsil olunurlar.

Əlbəttə, həmişə olduğu kimi, ikitərəfli gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Son vaxtlar Vladimir Vladimiroviç ilə tez-tez görüşürük, amma bununla belə, münasibətlərimizin gündəliyi o qədər genişdir ki, sanki görülən bütün işləri mütəmadi olaraq yoxlamağa və gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac var.
Beləliklə, bir daha xoş gəlmisiniz.
Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin isə öz növbəsində İlham Əliyevə təşəkkür edib və deyib:
- Bütün tədbirlərin, xüsusən belə genişmiqyaslı, yəqin ki, Birləşmiş Millətlər Təşkilatının iqlim məsələlərinə həsr olunmuş ən böyük konfransının təşkilinə görə Sizə təşəkkür etmək istəyirəm. Burada hamı ən yüksək təşkilatçılıq səviyyəsini qeyd edir.
Həmçinin bildirmək istəyirəm ki, Vladimir Vladimiroviç Putin mənim uçuşumdan əvvəl şəxsən Sizə çoxlu, ən səmimi arzularını çatdırdı və xahiş etdi ki, hazırkı tədbirin uğurla keçməsi münasibətilə Sizi təbrik edim. Artıq hamı bunu qeyd edir.

Ümumiyyətlə, belə bir konfrans ilk dəfədir Cənubi Qafqazda keçirilir və bu, bildiyimə görə, gündəliyin təşkili üçün çox iş görmüş Azərbaycanın müstəsna rolunu vurğulayır. Gündəlik mürəkkəbdir. Hər kəs müzakirələrin yüksək səviyyəsini, həmçinin hazırkı konfransın tarazlaşdırılmış, o cümlədən nəticələr verən sənədini qeyd edir.

İkitərəfli gündəliyimizə gəldikdə, Siz bu barədə danışdınız. Birgə əmtəə dövriyyəsi artır. Biz ikitərəfli gündəliyimizin bütün istiqamətləri üzrə əməkdaşlıq edirik. Bunlar həm sənaye, energetika, həm kənd təsərrüfatı, həm də mədəni-humanitar, rəqəmsallaşma sahələridir. Biz Əli Hidayət oğlu ilə - hökumətdəki həmkarlarımızla bu gün bütün gündəlik üzrə iş apardıq.
Qonaqpərvərliyə görə Sizə bir daha çox təşəkkür edirəm.
Prezident İlham Əliyev Mişustindən ən xoş arzularını və salamlarını Vladimir Vladimiroviç Putinə çatdırmağı xahiş edib.
***
Rusiyanın baş naziri Mixail Mişustin BMT-nin iqlim konfransında (COP29) iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.
O, Bakıda Azərbaycan prezidenti İlham Əliyev və hökumət başçısı Əli Əsədovla görüşüb.
Mişustinin səfərinin böyük hissəsi Rusiya-Azərbaycan münasibətlərinə həsr olunub.
“Rusiya-Azərbaycan danışıqları zamanı Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə strateji tərəfdaşlıq və müttəfiqliyin vəziyyəti və daha da möhkəmləndirilməsi perspektivlərinin müzakirəsi planlaşdırılır” - Rusiya hökumətinin müvafiq məlumatında deyilir.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana avqust səfərinin yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilir.
COP29
Mişustin Rusiyanın planlarını açıqladı: Qlobal istiləşmə ayrı-seçkiliyə bəhanə olmamalıdır