“Bu qlobal tədbir bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir. COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneləri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. COP29 Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir. Bu təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi və dəstəyi labüddür. Gəlin, öz üzərimizə düşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnoloji imkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkət edək”.
“2030-cu ilə qədər istismara veriləcək 2,250 MVt gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5%-ə yüksəldəcək. Bu, yalnız 30%-lik hədəfimizin yenilənməsi deyil, eyni zamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir. Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır".