BAKI, 12 noyabr - Sputnik. Gələn ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda 30-a yaxın ölkədən 300-dək idmançı iştirak edəcək.
Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib.
Baş katib bildirib ki, Dünya Kubokunda sprint ( 10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək.
Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.
Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova
© Photo : AZERTAG
Azərbaycan Qış İdman Növləri Federasiyası 31 yanvar 2022-ci il tarixində yaradılıb. Federasiyanın qarşısına Azərbaycanda qış idmanı mədəniyyətini inkişaf etdirmək və qorumaq öhdəliyi qoyulub.
Hazırda federasiya əsasən dağ-xizək, xizək alpinizm, fiqurlu konkisürmə və snoubordinqin inkişafına diqqət yetirir. Məqsəd milli komandanı formalaşdırmaq, Azərbaycanda qış idman mədəniyyətinin yaradılmasında dəstək göstərmək, həmçinin uşaqlar və gənclər arasında qış idman növlərini təbliğ etməkdir.
Bunun üçün Federasiya olaraq yerli peşəkar idmançıların inkişafına, xizək kurortlarının təşviqinə, müxtəlif yerli yarışların təşkilinə, məktəb proqramlarının həyata keçirilməsinə və bu proqramlarda iştirakın stimullaşdırılmasına xüsusi əhəmiyyət verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.