BAKI, 9 noyabr — Sputnik. "Azərbaycanın Avropaya qaz ixracında yeni artım qeydə alınıb. Bu ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8.6 faiz artaraq 9.4 milyard kubmetrə çatıb. Bu müddətdə Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, cari ilin doqquz ayında Azərbaycanda 37.1 milyard kubmetr qaz hasil edilib: "Bu, əvvəlki ilin uyğun dövrünə nisbətən 2.7 faiz artım deməkdir. Qazın 9,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 20,5 milyard kubmetri "Şahdəniz", 1,1 milyard kubmetri "Abşeron" yataqları üzrə hasil olunub. Qazın 5,7 milyard kubmetri isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib".
Prezident: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur"
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin iyulun 18-də Oksford şəhərində "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur:
Ekspertlər bildiriblər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki ölkəmizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir.
Trans-Adriatik Boru Kəməri (TAP)
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin əsas elementlərindən biri kimi TAP layihəsi Xəzər regionunun qazını Avropaya nəql etmək üçün inşa edilib. 2020-ci ilin noyabr ayının 15-də TAP istismara verilib və kommersiya əməliyyatlarına başlanıb. 2020-ci il 31 dekabr tarixindən etibarən kəmərlə İtaliya, Yunanıstan və Bolqarıstan istiqamətində kommersiya təbii qazının nəqlinə başlanılıb.