İQTİSADİYYAT

Aİİ və BƏƏ enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək

AİK naziri BƏƏ-nin Energetika Nazirliyinin rəhbərinə Aİİ üzv dövlətləri tərəfindən enerji resursları üçün ümumi bazarların qurulması istiqamətində aparılan işlər barədə məlumat verib.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) energetika naziri Arzıbek Kojoşev və BƏƏ-nin energetika naziri Suheyl Mohamed Al-Mazrui Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə BƏƏ arasında enerji sektoru sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
AİK naziri enerji resursları üçün ümumi bazarların qurulması, eləcə də bərpa olunan enerji mənbələrinin və Aİİ çərçivəsində iqlim gündəliyinin təşviqi istiqamətində Aİİ üzv dövlətləri tərəfindən görülən işlərdən danışıb.
Tərəflər enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması, həmçinin yaşıl texnologiyaların və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, bu ilin oktyabrında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zaid Əl Nəhəyyan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı ölkənin Aİİ ilə azad ticarət sazişi üzərində işləməyə davam etdiyini bildirmişdi.
BƏƏ ilə Aİİ arasında azad ticarət zonasının yaradılması üzrə danışıqlar ötən ilin martında başlayıb. Bu müddət ərzində tərəflər bir sıra məsləhətləşmələr aparıblar.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, sənəd digər məsələlərlə yanaşı, tariflərin liberallaşdırılması, gömrük və sənaye əməkdaşlığı, elektron ticarət və əqli mülkiyyət, ticarətin qorunması tədbirləri məsələlərini tənzimləyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.