BAKI, 3 noyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinə verilən pilotsuz təyyarələri istehsal edən ABŞ şirkəti - "Skydio" Pekinin tətbiq etdiyi sanksiyalara görə Çin istehsalı olan komponentlərin çatışmazlığı ilə üzləşib.
"Financial Times" bu barədə yazıb.
"Ukrayna ordusunu təchiz edən ABŞ-ın ən böyük pilotsuz təyyarələr istehsalçısı Pekinin sanksiyalar tətbiq etməsindən, o cümlədən Çin qruplarına onu kritik komponentlərlə təchiz etməyi qadağan etdikdən sonra təchizat zənciri böhranla üzləşib" – məqalədə deyilib.
Bildirilib ki, şirkət hazırda alternativ təchizatçılarla əməkdaşlıq qurmağa çalışır. Söhbət, xüsusilə, akkumulyator istehsalçılarından gedir.
Xatırladaq ki, sentyabrın 18-də Çin ABŞ-ın Tayvana silah satışına cavab olaraq 9 ABŞ şirkətinə sanksiya tətbiq edib. Onlara qarşı ölkədəki aktivlərinin dondurulması üçün tədbirlər görüləcək, ÇXR-də olan təşkilat və şəxslərin onlarla hər hansı əməliyyatlar aparmasına, əməkdaşlıq etməsinə və ya başqa fəaliyyət göstərməsinə qadağa qoyulacaq.