CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Torpaqsatma dövrünə son: Bələdiyyə pullarına total nəzarət olacaq

Qanuna təklif olunan dəyişikliyə əsasən, bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) informasiya sistemində əks olunacaq.
Bununla bağlı "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna dəyişiklik parlamentin iclasında müzakirəyə çıxarılıb.
11-ci maddəyə edilən dəyişikliyə görə, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları (banklar, ödəniş təşkilatları və digər) təmin edəcək.
"Nağdsız hesablaşmalar haqqında" qanuna əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunur. Qanuna təklif olunan dəyişikliyə əsasən, bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.
Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunun 11-ci maddəsi - "Yerli büdcənin icrası" adlanır. Həmin maddəyə əsasən, bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.
Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.
CƏMİYYƏT
Siyavuş Novruzov bələdiyyə qanunvericiliyində dəyişikliklərin səbəbini açıqladı