SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ-nin Cənubi Qafqaz fiaskosu: Azərbaycana diplomatik təzyiq niyə artır?

Millət vəkili Arzu Nağıyev deyir ki, Avropa Parlamenti yenidən ampluasına uyğun olaraq ölkəmizə qarşı bəyanatlar verir.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan-Aİ münasibətlərində növbəti gərginlik yaşanır. Oktyabrın 22-də Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə bəyanat səsləndirib. Rəsmi Bakı Şmitin bəyanatında yer alan fikirləri qəbul edilməz saydığını və rədd etdiyini açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan tamamilə uzaqdır və Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə cəhdidir.
Millət vəkili Arzu Nağıyev deyir ki, Avropa Parlamenti yenidən ampluasına uyğun olaraq ölkəmizə qarşı bəyanatlar verir:

"Azərbaycan Aİ-dən səslənən bəyanatların hamısına cavab verib. Bu gün ölkəmizə qarşı səsləndiirlən fikirlər ölkəmizin daxili işlərinə qarışmaqdır. Onlar separatçı rejimin rəhbərlərini siyasi məhbus kimi təqdim etməyə çalışır, onlarla bağlı insan haqlarından vasitə kimi istifadə edirlər. Bu cür əsassız yanaşmalar, tələblər bizim dövlətçilik maraqlarımıza cavab vermir".

Arzu Nağıyev
Millət vəkili bildirib ki, Aİ regionda fiaskoya uğramağa davam edir:
"Biz Gürcüstan ətrafında baş verənləri də diqqətlə izləyirik. Aİ istəyir ki, maraq dairəsində olan bütün dövlətlər onların istəklərini yerinə yetirsin. Bu baxımdan Avropa parlamentində oturan deputatlar müstəqil ölkələrə siyasi diqtə etməyə çalışırlar. Azərbaycan Aİ ilə normal münasibətlərin qurulmasında maraqlıdır. Lakin bu münasibətlər bərabərhüuquqlu əsasda davam edə bilər. Azərbaycan özü ilə diqtə dilində danışılmasına icazə vermir".
Deputat vurğulayıb ki, hazırda Moskva və Bakı arasındakı inkişaf edən münasibətlər də Qərbi qıcıqlandırır.

"Azərbaycan bütün qonşuları ilə dinc münasibətlərini qurub və inkişaf etdirir. İki ölkə arasında qurulmuş suveren münasibətlərə başqa tərəflərin qarışmağa nə mənəvi, nə siyasi, nə də hüquqi haqqı var", - millət vəkili fikirlərini yekunlaşdırıb.

Politoloq Elşən Manafov qeyd edir ki, Avropa İttifaqının Azərbaycanla münasibətlərindəki bəlli məqamlar kollektiv Qərbin regionla baglı geosiyasi maraqlarından irəli gəlir.
Onun sözlərinə görə, Rusiya faktoruna münasibətdə olduğu kimi bölgəyə münasibətdə də Aİ müstəqil siyasət sərgiləyə bilmir, daha çox ABŞ siyasətinin yedəyində gedir:
"Rusiyaya qarşı sanksiyalar Aİ ölkələrinin iqtisadi maraqlarının ziddinə olmasına baxmayaraq, İttifaq ölkələri ABŞ-ın tələbi ilə bu sanksiyalara qoşulub ucuz Rusiya qazından məhrum olublar, əvəzində ABŞ-ın sıxılmış qazını yüksək qiymətlərlə almaq məcburiyyətində qalıblar. Təəssüf ki, Azərbaycana münasibətdə də Aİ ABŞ-ın müəyyən etdiyi çərçivədən kənara çıxa bilmir. Əvvəla Aİ-nin tərkibindəki bəzi ölkələr, ilk növbədə Fransa Ermənistanı silahlandırmaqla bölgədə eskalasiyanın güclənməsinə çalışır. Aİ-nin Ermənistanda ilk baxışda mülki şəxslərdən ibarət olan müşahidə missiyasi Azərbaycanla sərhəd xəttində monitorinqlərin aparılması ilə bağlı əvvəllər əldə edilmiş razılıqların şərtlərini pozaraq əslində ölkəmizə qarşı pozuculuq işləri aparır, "binokl diplomatiyası"münasibətlərdəki problemlərin siyasi yolla tənzimlənməsinə deyil, Qərbin xüsusi xidmət orqanlarının xeyrinə kəşfiyyat materialları toplamaqla məşğuldur", - politoloq qeyd edib.
Elşən Manafov

"Avropanın enerji təhlükəsizliyinə həmişə töhfə verən bir dövlətlə münasibətlərin belə bir zəmində aparılması, Ermənistanla sülh danışıqlarına kollektiv Qərbin maraqları prizmasından olan yanaşma Qərbdə bəlli dairələrin Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilməmələrindən irəli gəlir. Aİ ABŞ-la birlikdə Azərbaycanın Orta dəhlizlə bağlı məsələlərdə məhz Qərbin maraqlarının nəzərə alınması konteksindən çıxış edir, rəsmi Bakının Qərbin Rusiyaya qarşı yönəlmiş məlum layihələrinə dəstək verməsini, bölgənin geosiyasi konfiqurasiyasına dair kollektiv Qərbin baxışlarının bölüşdürülməsini istəyir. Qərbin regional siyasətlə bağlı mövqeyinə rəsmi Bakının fərqli yanaşma tərzi əlbəttə onu qıcaqlandırır və Azərbaycana qarşı artan təhdidlərin səbəbləri də bunlardır", - Elşən Manafov bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHLİL
BRİKS-lə əməkdaşlığın genişlənməsi Azərbaycana nə vəd edir?