BAKI, 24 oktyabr — Sputnik. Rusiya Federasiyası ilə KXDR arasında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutan hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə xarakteri daşıyır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Müqavilənin bağlanması Moskva və Pxenyanın regional və qlobal ölçülərdə həyəcan verici hərbi-siyasi tendensiyalar fonunda öz təhlükəsizliyini təmin etmək yanaşmalarını yenidən düşünməsinin nəticəsidir", - Rudenko Dövlət Dumasında müqavilənin ratifikasiya məsələsinə baxılarkən deyib.
Onun sözlərinə görə, hüquqi bazanın yenilənməsi ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbdən artan regional və qlobal təhdidlərin qarşısını almaq üçün hazırlanmış hüquqi tədbirdir.
"Bu sənəd Rusiya Federasiyası ilə KXDR arasında münasibətləri müttəfiqlik səviyyəsinə gətirir", Rudenko qeyd edib.
Onun sözlərinə görə, sənəd BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin hər hansı dövlətin hücumuna məruz qalması, bununla da özünü müharibə vəziyyətinə salması halında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutur.
"Sözügedən maddənin məzmunu açıq şəkildə göstərir ki, saziş müdafiə xarakteri daşıyır, üçüncü ölkələrin təhlükəsizliyinə qarşı yönəlməyib və Şimal-Şərqi Asiya regionunda sabitliyin qorunmasına yönəlib", nazir müavini əlavə edib.