BAKI, 22 oktyabr — Sputnik. Moskva Hindistanın Kazanda baş konsulluq açmaq qərarını alqışlayır, bu addım iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Tatarıstanın paytaxtında Modi ilə danışıqlarda Putin deyib ki, Hindistanın Kazanda baş konsulluğunu açmaq qərarını alqışlayırıq.
Rusiya prezidenti əlavə edib ki, Hindistanın Rusiyadakı diplomatik mövcudluğunun genişləndirilməsi ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək.
Putin bildirib ki, Kazanda keçirilən sammitdə BRİKS liderləri assosiasiya çərçivəsində əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün mühüm qərarlar qəbul etməlidirlər.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçiriləcək. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur.
2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.
Cari ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Bu ilin iyulunda Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq üçü rəsmi müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.