BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya bəzi məsələlərdə konsensusun əldə edilməməsi səbəbindən iclaslarını davam etdirmir.
Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə bildirib.
"Xeyr, iclaslar davam etdirilmir. Bilirsiniz ki, konsensusun əldə edilməli olduğu fundamental məsələlər var. Konsensus əldə olunmayana qədər detalları müzakirə etmək mənasızdır", – o bildirib.
Üçtərəfli komissiya 2021-ci ilin əvvəlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə yaradılıb. Onlar baş nazirin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına nəzarət edəcək işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul ediblər.
Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması regional kommunikasiyalarla bağlı ən vacib məsələ olaraq qalır.