BAKI, 18 oktyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sərhəd təhlükəsizliyinin təmin edilməsində və Ermənistan-İran sərhədindəki keçid məntəqəsində xidmətin təmin edilməsində uzun illər köməyə görə Rusiya tərəfinə təşəkkür edib. Bu barədə Ermənistan XİN rəhbəri İstanbulda regional "3+3" platformasının iclasındakı çıxışında bildirib.
Xatırladaq ki, oktyabrın 8-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Ermənistan-İran sərhədində, Ermənistan sərhədçilərinin yerləşdiyi keçid məntəqəsindən rusiyalı hərbçilərin çıxarılması barədə razılıq əldə olunub.
Mirzoyan xatırladıb ki, yanvarın 1-dən Ermənistan sərhədçiləri keçid məntəqəsində tam xidməti öz üzərlərinə götürəcəklər. XİN rəhbəri əmindir ki, bu, ölkənin sərhəd və gömrük xidmətlərinin inkişafına və möhkəmlənməsinə fayda verəcək.
Regional kommunikasiyaların və əməkdaşlığın bərpasına toxunan XİN rəhbəri Ermənistanın müsbət münasibətini və bu problemin həlli üçün bütün regional oyunçularla işləməyə hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistanın bütün kommunikasiyaları bərpa etmək istəyi hökumətin "Sülh kəsişməsi" layihəsində öz əksini tapıb. O qeyd edib ki, region ölkələri arasında bu layihəni ilk alqışlayanlardan biri də İran olub.
Nazir vurğulayıb ki, Ermənistan Şimal-Cənub magistralının tikintisi üçün fəal praktiki addımlar atır, İranın Çabahar limanından istifadənin üstünlüklərini yüksək qiymətləndirir və tranzit tariflərinin qarşılıqlı şəkildə aşağı salınması üzərində işləyir.