DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan DTX mümkün təxribatlarla əlaqədar xalqa müraciət edib

Qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) seçkilər ərəfəsində planlaşdırılan mümkün təxribatlar barədə xalqa xəbərdarlıq edib.
Qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar. Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək.
Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma, hökumətlə Pravoslav Kilsəsi arasında düşmənçilik yaratmaq və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə planlaşdırılan təxribatlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatını şərh edərkən deyib ki, heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz.
"Söhbət ölkəmizə xeyir arzulamayan siyasi qüvvələrdən gedir. Bu qüvvələr həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərir – "radikal müxalifət" və onların xarici himayədarları. Düşünürəm ki, belə hərəkətlər seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək. Yaxşıdır ki, dövlət qurumlarımız və Dövlət Təhlükəsizlik Xidməti ayıq-sayıqdır", İrakli Kobaxidze bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.