AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası tezliklə Tehranda keçiriləcək

Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirildi.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. 14-15 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İran İslam Respublikasına işgüzar səfəri baş tutub. Bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bildirib.

"Baş nazirin müavini İran İslam Respublikasının Prezidenti tərəfindən qəbul olundu, İranın xarici işlər, yol və şəhərsalma, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə uğurlu və səmərəli görüşləri baş tutdu. Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirildi", - səfir bildirib.

Onun sözlərinə görə, keçirilən qəbul və görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması vurğulanıb, iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın növbəti iclasının tezliklə yaxın aylarda Tehranda keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri AR iqtisadiyyat naziri Şahin Mustafayevdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.