BAKI, 16 oktyabr — Sputnik. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3,93 dollar, yaxud 5% azalaraq 74,75 dollar təşkil edib.
Dünən neft qiymətlərinin kəskin enişindən sonra bu gün dünya bazarlarında qiymətlər nisbətən sabit qalır. Neftə olan tələbin azalması dünən neft qiymətlərini 4%-dən çox azaldıb. Bununla belə, Yaxın Şərqdə münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar davam edir.
"Brent" markalı neft 14 sent artaraq 74,39 dollar, ABŞ-nin Qərbi Texas nefti 19 sent artaraq 70,77 dollar olub.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb. Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,78 mln. barel olacağı proqnozaşdırılır. Öncəki proqnoz isə 105,99 mln. barel olub. Bu proqnoz neftin ucuzlaşmasına təsir göstərib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.