BAKI, 15 oktyabr — Sputnik. Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyini, keyfiyyətini müzakirə edib, qida təhlükəsizliyinin təmin edilməsinə Rusiyanın elmi, praktiki yanaşmaları təqdim olunub.
Bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
"Dəyirmi masa zamanı İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Rusiyanın elmi və praktik yanaşmalarını təqdim etdi. Əsas mövzular: çirkləndirici maddələrin və pestisidlərin qalıqlarına nəzarət, antimikrobiyal müqavimətin yayılmasının qarşısını almaq və laboratoriya tədqiqatları aparmaqdır", - məlumatda deyilir.
İki ölkə arasında keçirilən dəyirmi masa bu ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı qurumlar tərəfindən bağlanmış qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsində ilk addım olub.
Qeyd edilib ki, görüşdə içməli və qablaşdırılmış suyun təhlükəsizliyinin müəyyən edilməsi və tənzimlənməsi yolu ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət məsələləri də işıqlandırılıb.
31.01.23, 12:17
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiyada səfərdədir - FOTO
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiyaya işgüzar səfər edib.
Səfər çərçivəsində bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiyada səfərdədir
© Photo : AQTA
Bu barədə AQTA-dan məlumat verilib.
Görüş zamanı mərkəzin fəaliyyət istiqamətləri haqqında təqdimatlar edilib.
Səfər zamanı nümayəndə heyəti Bioloji Təcrübə Laboratoriyasının (vivarium) işi ilə yaxından tanış olub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə danışıqlar aparıb.
Görüşdə Azərbaycanda təcrübə heyvanlarının saxlanılması üçün inşa ediləcək vivariumun baytarlıq tədqiqatlarının genişləndirilməsi istiqamətində görülən işlər müzakirə mövzusu olub. Eləcə də bu işdə Rusiyanın müvafiq qurumlarının təcrübəsindən istifadə ediləcəyi diqqətə çatdırılıb.
AQTA-nın nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət Federal Xidmətinin ("Rospotrebnadzor") F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub. Burada laboratoriyalara və mərkəzin tabeliyində fəaliyyət göstərən vivariuma baxış keçirilib.
Qeyd edək ki, nümayəndə heyəti 25-27 yanvar tarixlərində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.