DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ sülhə əhəmiyyət verirsə, Tayvanı silahlandırmaqdan əl çəkməlidir - Pekin

Çin XİN rəsmisi bildirib ki, Tayvan Çinin bir hissəsidir və Tayvan məsələsi xarici müdaxiləyə dözməyən ÇXR-in daxili məsələsidir.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Tayvanda həqiqətən də sülhə əhəmiyyət verirsə, onu silahlandırmaqdan əl çəkməlidir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.
Daha əvvəl Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının sözçüsü Li Xi bildirib ki, Çin Tayvan ətrafında birgə hücum, blokada və əsas limanlara nəzarəti ələ keçirmək üçün "Birgə kəskin qılınc 2024B" hərbi təlimlərinə başlayıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Birləşmiş Ştatlar Tayvan ətrafında hərbi təlimlərdən ciddi narahatdır.
"Tayvan Çinin bir hissəsidir və Tayvan məsələsi xarici müdaxiləyə dözməyən ÇXR-in daxili məsələsidir", Mao Nin qeyd edib.
O bildirib ki, əgər Birləşmiş Ştatlar həqiqətən də Tayvan boğazında sülh və sabitliyə, eləcə də regionun çiçəklənməsinə önəm verirsə, o zaman "vahid Çin" prinsipinə və üç birgə Çin-ABŞ kommünikesinin müddəalarına ciddi əməl etməlidir.
Tayvan ətrafında vəziyyət ABŞ Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin 2022-ci il avqustun əvvəlində adaya səfərindən sonra xeyli pisləşib. Adanı öz əyalətlərindən biri hesab edən Çin Pelosinin səfərini ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi pisləyib və genişmiqyaslı hərbi təlimlər keçirib.