DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Ermənistanda nazir qoymağa adam tapmır

"Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hakim qüvvə namizəd seçə bilməyib.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin dünənki iclasının təfərrüatları məlum olub. Rəsmi açıqlamada kadr məsələlərinin müzakirə edildiyi bildirilib.
Əslində, əsas mövzu ədliyyə naziri postuna namizəd məsələsi olub. "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hakim qüvvə namizəd seçə bilməyib.
Deputatlığa namizədlər Arusyak Culakyan və Arpi Davoyanın namizədliyinə baxılıb. Lakin səsvermədən əvvəl Culakyan namizədliyini geri götürüb və Davoyanı kollegiyanın yalnız iki üzvü - müdafiə naziri Suren Papikyan və deputat Vaaqn Aleksanyan dəstəkləyib.
Xatırladaq ki, nazir vəzifəsi oktyabrın 1-də Qriqor Minasyan istefa ərizəsi verdikdən sonra boş qalıb. Bundan əvvəl "Vətəndaş müqaviləsi" fraksiyasının təşəbbüsü ilə Minasyanı vəzifədən uzaqlaşdırmaq məqsədi ilə imza toplanması baş tutub.
Xatırladaq ki, sentyabrın 26-da Ermənistanın ədliyyə nazirinin müavini Sirvard Gevorkyan intriqalar səbəbindən vəzifəsindən istefa verib. Bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.
"İntriqalar ağlı məğlub etdi. Bu gün Ermənistanın ədliyyə nazirinin müavini vəzifəsindən istefa ərizəsi vermişəm. Nazir Qriqor Minasyanın rəhbərlik etdiyi Ədliyyə Nazirliyinin komandasını böyük ağrı və təəssüf hissi ilə tərk edirəm. Uzun illər bu sistemdə işləmişəm və hələ çox şey etməli idim. Bu gündəlik çətin, lakin çox vacib işdə iştirak etmək istərdim. Təəssüf ki, hər iki siyasi qütbdən öz siyasi maraqları və ya şəxsi intriqaları naminə mümkün və qeyri-mümkün olan hər şeyi manipulyasiya edən qəzəbli insanların hücumuna məruz qaldım. Heç bir vəzifə və ya iş məni dostlarımı və həmkarlarımı riskə atmağa məcbur edə bilməz", Gevorkyan qeyd edib.
2024-cü il oktyabrın 1-də Ermənistan Ədliyyə naziri Qriqor Minasyan da öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Minasyan 2022-ci ilin yanvarında nazir müavini, həmin ilin dekabrında isə ədliyyə naziri təyin olunmuşdu. Minasyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkənidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin