BAKI, 3 oktyabr — Sputnik. İran hakimiyyəti oktyabrın 1-də İsrailə kütləvi raket hücumundan sonra təyyarə uçuşlarına tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə "IRNA" agentliyi İran mülki aviasiya təşkilatının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.
Uçuşların təhlükəsizliyi üçün lazımi şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər aradan qaldırılıb. Aviaşirkətlərə bu gün yerli vaxtla səhər saat 5:00-dan uçuşlar həyata keçirməyə icazə verilib.
Ləğv edilmiş bütün aviareyslərə alınmış biletlərin pulunun sərnişinlərə ödəniləcəyi bildirilir. Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib.
02.10.24, 14:56
İran bütün uçuşları ləğv edib
İran oktyabrın 3-ü səhər saat 5:00-a qədər bütün reysləri ləğv edib.
Bu barədə "Tasnim" agentliyi ölkənin Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu qərar regionda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.
Bu arada, bir sıra əcnəbi aviasiya şirkətləri də İrana uçuşları təxirə salmağa başlayıb. "Flightradar" portalında yerləşdirilən məlumatlarda ölkənin hava məkanının açıq olmasına rəğmən bu addımın baş verə biləcək hadisələrin qarşısını almaq niyyəti daşıdığı göstərilıib.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib.