TƏHSİL

Gələcəyin "İlon Mask"larını yetişdirəcək STEAM təhsil nədir və necə tədris edilməlidir?

Həmsöhbətimiz deyir ki, layihə 6-ci siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunmağa başlasa da, bu ildən STEAM ibtidai siniflərin son siniflərində tətbiq olunmağa başlayıb.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. "Bu ildən məktəbə gedən ən kiçik övladım STEAM təhsil metodu ilə təhsil alır. Sözün düzü bu təhsil metodunun nə ilə fərqləndiyini bilmirəm. Uşaqdan soruşduqda, "məktəbdə bir şeylər hazırlayırıq" deyə cavab verir. Bu yenilik nədirsə, uşaqlara da maraqlı gəlir. Mən belə başa düşürəm ki, bu fənn uşaqlarda yaradıcı təfəkkürü, ideyalar irəli sürmək və onları praktikada reallaşdırmaq qabiliyyətlərini inkişaf etdirmək üçün nəzərdə tutulub. Uşaqlar bu dərslərdə əylənərək öyrənir, kreativ bacarıqlarını nümayiş etdirirlər. Amma STEAM təhsil metodunun ənənəvi təhsildən nə ilə fərqləndiyini, Azərbaycan məktəblərində onun necə tədris edildiyini bilmirəm."
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında bu ildən övladı STEAM təhsil metodu ilə təhsil alan valideyn Ülkər Abdullayeva söyləyib. Artıq bir neçə ildir ki, bu yenilik təhsilimizdə tətbiq olunsa da, cəmiyyətdə hələ də STEAM təhsilin nə olduğundan xəbərsiz olan valideynlər var. Bəs görəsən STEAM təhsil nədir? STEAM məktəbləri digər ümumtəhsil müəssiələrindən fərqləndirən əsas amillər nələrdir?
STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov Sputnik Azərbaycan-ın bu mövzuda suallarını cavablandırıb. O, bildirib ki, "STEAM Azerbaijan" layihəsi 2019-2020-ci tədris ilindən start götürüb. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir.

"STEAM təhsilinin əsası müxtəlif fənlərdən birlikdə istifadə etmək, layihələr hazırlamaq və bu layihələri istehsalata çevirərək həyata keçirməkdir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir", - layihə rəhbəri deyib.

STEAM-da mətbuat konfransı
Həmsöhbətimiz deyir ki, layihə 6-ci siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunmağa başlasa da, bu ildən STEAM ibtidai siniflərin sonunda keçirilir. O, layihənin tətbiqinin hazırda dördüncü sinifdən doqquzuncu sinfə qədərki müddəti əhatə etdiyini söyləyib.
Onun sözlərinə görə, STEAM dərsləri "3D çap", "Microbitlə proqramlaşdırma", "Elektrik mühəndisliyi", "Biotexnologiya", "Nanotexnologiya", "Robototexnika", "Gen mühəndisliyi", "CNC lazer kəsiciləri", "Pilotsuz uçuş aparatları (tədris dronları)" üçün hazırlanmış kurikulum üzrə təşkil olunur. STEAM məktəblərdə baza fənləri digər məktəblərdə olduğu kimi tədris olunur. Bu yalnız tədris proqramlarında dərsdənkənar məşğələ saatlarının hesabına aparılır.

"STEAM təhsil metodu uşaqlarda hazırladığını təqdimetmə bacarığını, məntiqi düşünməni, əməkdaşlığı inkişaf etdirir. Elə uşaq var ki, nəyisə hazırlayır, ancaq onu təqdim edə bilmir. STEAM təhsil metodu ilə təhsil alan uşaqlarda İKT bacarıqları kiçik vaxtdan formalaşır. Artıq onlar 3D print avadanlığı vasitəsilə hər hansı bir fiquru, əşyanı hazırlayıb çap edə bilirlər. Bu innovativ yanaşma təhsilin inkişafında böyük sıçrayışa səbəb olub" - müsahibimiz bildirib.

Həmsöhbətimiz deyir ki, 4 ildir ki, təhsildə tətbiq olunan bu yenilik artıq səmərə verir.
İ.Nəzərov onu da bildirib ki, STEAM Azərbaycan layihəsi hazırda 398 dövlət ümumtəhsil məktəbini, peşə məktəblərini, eləcə də 220 min şagirdi əhatə edir. "Sabahın alimləri"nin yetişməsində STEAM-ın rolu böyükdür.

"Biz 220 min şagirdin içərisində gələcəyin "İlon Mask"larını axtararaq yetişdiririk. Artıq STEAM təhsilin nəticələri öz bəhrəsini verir. Azərbaycan məktəbliləri texnologiya ilə bağlı beynəlxalq yarışlarda qalib olurlar. Bu çox böyük uğurdur" - İ.Nəzərov bildirib.

STEAM İnnovasiyalar Mərkəzində keçirilən tədbir
O ki, qadı STEAM təhsil metodunu tətbiq edən kadrların səviyyəsinin qənaətbəxş olub-olmadığına, İ.Nəzərov deyir ki, 3 min müəllim STEAM layihəsində dərs keçmək üçün cəlb edilib. Onların 70%-i ibtidai sinif müəllimləridir. Bu günə qədər isə 6 min müəllim bu layihəyə cəlb olunub. Həmin müəllimlər təlimlər keçərək püxtələşiblər.
Yaranan maraqlı suallardan biri də, STEAM təhsil metodunun niyə bütün ümumtəhsil müəssisələrini əhatə etməməsidir.
STEAM Azərbaycan layihəsinin rəhbəri Sputnik Azərbaycan-ın bu sualını belə cavablandırıb:

"STEAM təhsil metodunun tətbiq olunduğu məktəbin ilk növbədə sabit internet təminatı olmalıdır. Həmçinin nümunəvi sinif otağı olmalı, həmin otaq kompüterlər və 3D print avadanlığı ilə təmin olunmalıdır. Bu şəraiti olan məktəblərdə STEAM təhsil metodu tətbiq olunur".

Layihə rəhbəri bildirib ki, hansı məktəb bu təhsil metodunun tətbiqinə maraqlıdırsa MÜTDA-ya müraciət edə bilər.
Bəs görəsən STEAM təhsil təhsilin digər pillələrində də tətbiq edilirmi?
İ.Nəzərov artıq Azərbaycan Dövlət Pedoqoji Universitetinin fizika fakultəsinin bazasında STEAM Mərkəzi qurduqlarını söyləyir:

"Eyni zamanda ADPU-nun beş fakultəsində, təbiət fənlərində seçmə fənn kimi STEAM təhsil metodu tətbiq edilir. Artıq təhsilin bütün pillələrində STEAM yanaşması tətbiq olunmaqdadır".

Qeyd edək ki, STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıqetmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Bakıda Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək