BAKI, 29 sentyabr — Sputnik. "TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada da transplantalogiya şöbələri yaradılıb və onların bəzilərinin fəaliyyəti üçün icazələr alınıb. Hesab edirəm ki, Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək".
Bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib.
Ölkədə bu gün qan xəstəlikləri ilə bağlı dörd dövlət proqramının olduğunu vurğulayan A.İsrafilov bildirib ki həmin dövlət proqramları çərçivəsində ölkədə ən müasir protokollara uyğun dərman preparatları ilə müalicələr edilir.
"Qan xəstəlikləri ilə mübarizədə radikal müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Artıq Talassemiya Mərkəzində 200-ə yaxın əməliyyat icra olunub və nəticələri də çox uğurludur. Biz də TƏBİB olaraq bu sahənin inkişafına daim hazırıq", - icraçı direktorun müavini vurğulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü ildə transplantasiya sahəsində dərman vasitələrinin alınması üçün 763 min manat dəyərində müqavilə bağlanıb.
“2023-cü ilin avqust ayından etibarən sümük iliyinin transplantasiyası dəyəri ən yüksək olan xidmət kimi 20 sayda limitlə xidmətlər zərfinə əlavə olunub. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə çalışan müalicə müəssisələrinin artırılması, kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi sahəsində bu say çoxaldılacaq”, - müşavir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.