İQTİSADİYYAT

AİK: Aİİ-nin ümumi birja bazarı konsepsiyası oktyabrda qəbul ediləcək

Bu konsepsiyanın həyata keçirilməsi üçün xüsusi proqram hazırlanıb və o çərçivədə ümumi qiymət göstəricilərinin yaradılması məsələsinə baxılacaq.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi birja bazarı konsepsiyası oktyabrda qəbul ediləcək, bundan sonra birja ticarəti üçün lazımi infrastrukturun yaradılması üzrə işlərə başlanılacaq. Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) Rəqabət və antiinhisar tənzimlənməsi şurasının üzvü Maksim Yermoloviç bildirib.
“Aİİ-nin ümumi valyuta bazarı konsepsiyası yüksək səviyyədə hazırdır, biz onun yaxın gələcəkdə - bu ilin oktyabrında Avrasiya Hökumətlərarası Şurasında təsdiqini gözləyirik”, - o, Rusiyada Enerji Həftəsi çərçivəsində keçirilən sessiyada çıxışı zamanı deyib.
Yermoloviçin sözlərinə görə, konsepsiyanın qəbulu ilə AİK ittifaqda ümumi birja bazarının formalaşdırılması mərhələlərinə başlayacaq.
“Biz Aİİ-yə üzv ölkələrin sərbəst mübadilə ticarəti üçün bütün zəruri infrastrukturun yaradılması məsələlərini həll etməyə başlayacağıq”, - deyə Yermoloviç əlavə edib.
"Bu konsepsiyanın həyata keçirilməsi üçün xüsusi proqram hazırlanıb və onun çərçivəsində vahid qiymət göstəricilərinin formalaşdırılması məsələsinə daha da baxılacaq”, - deyə o, yekunlaşdırıb.
Bundan əvvəl Aİİ-nin ümumi birja bazarının hazırlanmasında da iştirak edən Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjası məlumat vermişdi ki, hazırda enerji mallarının ümumi bazara daxil edilməsi məsələsi mübahisəli olaraq qalır.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.