BAKI, 28 sentyabr — Sputnik. Ukraynalı siyasətçilər ABŞ-ı Qərbin uzaqmənzilli raketləri ilə Rusiyaya qarşı zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandıra bilməyiblər.
Bu barədə "RİA Novosti" agentliyi "The Washington Post"a istinadən xəbər verib.
"Ağ Evin və Təhlükəsizlik Departamentinin rəsmilərinin sözlərinə görə, Ukrayna rəhbərliyi Rusiyadakı raketlərin mümkün hədəflərinin Kiyevin qələbəyə aparan yoluna əhəmiyyətli dərəcədə təsir edəcəyinə dair inandırıcı arqument təqdim etməyib", - materialda deyilir.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda deyib ki, NATO ölkələri hazırda təkcə Kiyev tərəfindən Qərbin uzaqmənzilli silahlarından istifadənin mümkünlüyünü müzakirə etmir, əslində, onlar Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar verirlər. Dövlət rəhbəri əlavə edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişəcək, Rusiya bu yolla ona yaradılan təhdidlərə əsaslanaraq lazımi qərarlar verməyə məcbur olacaq.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiyanın bu əraziyə yeni hücumlara mümkün reaksiyası ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, "müvafiq əks tədbirlər görən və buna hazırlaşan"dövlət başçısı və hərbçilər bundan xəbərdardır. Peskov həmçinin qeyd edib ki, Putinin Qərb silahı ilə Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin nəticələri ilə bağlı bəyanatı son dərəcə aydındır və onun nəzərdə tutulan tərəflərə çatdığına heç bir şübhə yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.