BAKI, 26 sentyabr — Sputnik. Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq. Bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumunda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov deyib.
O bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün Sumqayıt-Yalama və Ələt-Astara dəmiryolu xəttinin yenidən qurulması Azərbaycan üçün önəmlidir.
Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.
Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.
Ümumilikdə 13 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir).
Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib ki, Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.