İQTİSADİYYAT

Vətəndaşlar daha ucuz enerji ala bilər - Deputat

Milli Məclisin deputatı bildirib ki, günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunur.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artır. Energetika Nazirliyinin məlumatına əsasən, ölkədə günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.3 milyon kilovat-saata çatıb. Bütövlükdə isə yaşıl enerji mənbələri üzrə elektrik enerji istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,2 milyard kilovat-saat artaraq 2,7 milyard kilovat-saat təşkil edib.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir.
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Qarabağ və Şərqi Zəngəzurda yaşıl zona formalaşdıran və eləcə də COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə dəstəkdir. Bu, ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhfəsidir.
Milli Məclisin deputatı Vüqar Bayramov
"Əksər inkşaf etmiş ölkələrdə ev təsərrüfatları külək və günəş enerjisi istehsal edir"
Deputat bildirib ki, əksər inkşaf etmiş ölkələrdə ev təsərrüfatları və eləcə də icmalar külək və günəş enerjisi istehsal edərək həm öz istehlaklarını ödəyir, həm də artıq qalan hissəni dövlətə satırlar:

"Bu, ev təsərrüfatlarının enerji satışından gəlir əldə etməsinə də imkan yarada bilir. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerji istehsalını artırmaqla yanaşı, vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu addım enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı, enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir".

O qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 meqavat gücündə dəyərləndirilir:
"Bunun 23000 meqavatı günəş, 3000 meqavatı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunur".
Ölkədə yaşıl enerji istehsalı artıb
Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, bu ilin yanvar-avqust aylarında respublikada elektrik enerjisinin istehsalı 19,2 milyard kilovat-saat olub. Bu dövrdə külək elektrik stansiyalarında 37,9 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 424,3 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,2 milyard kilovat-saat artaraq 2,7 milyard kilovat-saat təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 milyon kilovat-saat, idxalı isə 125,5 milyon kilovat-saat olub.
Bərpaolunan enerji istehsalçılarına vergi güzəşti ola bilər
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin nümayəndəsi Əhməd Əhmədov bildirib ki, qarşıdakı dövrdə "Yaşıl enerji" strategiyası çərçivəsində ekoloji sahədə fəalaiyyət göstərən, ətraf mühiti sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpa olunan enerji mənbələrindən enerji istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılması və investisiyaların stimullaşdrılması üçün əlavə təşviq edici iqtisadi alətlərdən istifadə ediləcək ki, burda vergi güzəştləri əsas yer tuta bilər.
Xatırladaq ki, bu ilin aprel ayında Energetika Nazirliyi Qobustanda 100 meqavat gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üçün tender elan edib. Hərrac yaşıl enerjinin inkişafı üzrə dövlət siyasəti çərçivəsində keçirilir və bu sektora özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsinə yönəlib. Hərrac 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisi istehsalında payını ən azı 30%-ə çatdırmaq hədəfinə nail olmaq üçün atılan addımlardan biridir. Hərracın keçirilməsi həmçinin COP29-a hazırlıqla əlaqədardır və "Yaşıl dünya naminə həmrəylik ili" təşəbbüslərini dəstəkləyir.
1 iyun 2023-cü il tarixində Energetika Nazirliyi ilə Çinin "China Gezhouba Group Overseas Investment" şirkəti arasında Azərbaycanda 2 qiqavat gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş ağıllı enerji sistemləri, həmçinin yaşıl hidrogen istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd, həmçinin şirkət tərəfindən layihələrin şəbəkəyə qoşulma imkanlarının tədqiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji və topoqrafik tədqiqatların aparılmasını nəzərdə tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Azərbaycanda karbon vergisinin tətbiqi nəzərdən keçirilir